“Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda təlim keçirilmişdir.
17 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “Azxeber.com” informasiya portalının təsisçisi və redaktoru Hacıbəy Heydərlinin iştirakı ilə “Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda maraqlı müzakirələr aparılmışdır.
Görüş zamanı Hacıbəy Heydərli bloqqerlərin daha çox aktual mövzularda yazılar yazmaqlarının tərəfdarı olduğunu bildirmişdir: “Bloq yazıları aktual məsələlərlə bağlı olsa, daha oxunaqlı olar. Bundan başqa, əsas məsələlərdən biri bloq yazısına başlıq seçməkdir. Bloqqerlər yazıdan ən çox diqqətçəkən məqamı başlığa çıxarmalıdırlar. Çünki bəzən elə aktual məsələlər olur ki, yanlış başlıq xəbəri daha az oxunaqlı edir.”
Qonaq həmçinin bloq yazılarının PR-ı üçün ən münasib yerin sosial şəbəkələrin olduğunu qeyd etmişdir: “Bu gün sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Bu əslində bloqqerlər üçün çox gözəl bir fürsətdir. Siz “Facebook”, “Twitter” və digər sosial şəbəkələr vasitəsilə özünüzü asanlıqla məşhurlaşdıra, tanıtdıra bilərsiz.”
Görüş bloqqerlərin sualları ilə davam etmişdir.
Qeyd edək ki, “WeBlog-4” layihəsinin əsas məqsədi gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasından ibərətdir. Layihə çərçivəsində ekspertlərlə görüşlər də keçirilir ki, bu da “WeBlog-4” layihəsinin sonuna kimi davam edəcək.
Xatırladaq ki, 13 oktyabr 2011 – ci il tarixindən start götürən “WeBlog-4” layihəsində iştirak etmək üçün 80 nəfər gənc müraciət edib ki, onlar arasında müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanmışdır.
“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010 – cu il tarixində start verdiyi və indiyə qədər davam edən “WeBlog” layihəsi çərçivəsində 150 nəfərdən çox gənc iştirak etmişdir ki, onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuş və blogger olaraq fəaliyyətlərini davam edirlər.
This slideshow requires JavaScript.



leave a comment